USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Brendinizin tanınması üçün vizual marketinq necə qurulmalıdır?

Bakı, 13 avqust - BiznesMedia. Şəkil və ya video olan kontentə (məzmun) mətn məzmunundan 94% daha çox baxılır. Sosial şəbəkələrdə isə vizual məzmun digərlərindən 40% daha çox paylaşılır. Doğru görüntünü seçsəniz, insanlar nədən söhbət getdiyini daha yaxşı anlayacaq və məzmunu daha uzun müddətə yadda saxlayacaqlar.

Vizual kontentlə məşğul olanlara bir neçə məsləhət hazırlamışıq.

Vizual marketinq nədir?

Vizual marketinq kontent-marketinq istiqamətidir. Onun işi paylaşımlarınızı önə çıxarmaq və istifadəçilərin diqqətini çəkməkdir. Vizual marketinq mətndən kənara çıxır. O, hədəf auditoriyası ilə əlaqə saxlamaq, brendin varlığını gücləndirmək və tanınmasını artırmaq üçün lazımdır.

Vizual marketinq ilə işləmək üçün 6 məsləhət:

HEKAYƏ DANIŞIN

İnsanlar hekayələri sevirlər. Təsirli şəkil və videolar bu işdə mühüm rol oynayır. Bu vasitənin tam gücünü qiymətləndirmək üçün sizə lazımdır:

məqsədinizi nəzərə alaraq aydın və vacib mesaj hazırlayın;

bir neçə addım irəlini düşünməklə mərkəzi mövzu və ya süjet tapın;

struktura riayət edin: ən sadə süjet sxemi – hadisələrin düyünlənməsi,  inkişafı və açılması;

brendin auditoriyasının özünü eyniləşdirə biləcəyi personajın vizual obrazını fikirləşin;

real həyatdan olan ideyaları istifadə edin və təcrübəyə, maraqlı hekayəyə  çevirin;

auditoriyanızda emosiya yaradın: insanlara brendiniz ilə daha dərin bir səviyyədə empatiya və onunla ünsiyyət qurmağa imkan yaradın;

ardıcıllığı və brendin tamlığını saxlayın, vahid üslubdan istifadə edin: şriftlər, korporativ rənglər, vizual şəkillər.

DÜZGÜN RƏNGLƏRİ SEÇİN 

Rəng nəzəriyyəsi müxtəlif çalarların qavranılması psixologiyasını öyrənən bütöv bir elm sahəsidir. Rəng insanların gördüklərinə necə davrandıqlarını və necə münasibət bildirdiklərinə təsir edir. Brend rəngləri ilə bağlı qərar vermək üçün aşağıdakı ümumi xüsusiyyətlərə diqqət yetirin:

Qırmızı rəng güc, enerji, ehtiras və eyni zamanda təhlükə və qorxu ilə əlaqələndirilir. Bu markalar tərəfindən istifadə olunur: “Coca-Cola”, “Netflix”, “Toyota”, H&M, “Lego”, KFC və s.

Narıncı rəng istilik, sevinc və dostluğun simvoludur. Bununla birlikdə, durğunluq və düşgünlük kimi hisləri də doğura bilər. “Amazon”, “Mozilla” “Firefox”, “Hermes”, “Soundcloud”, “Bitly” kimi brendlərin seçimidir.

Sarı nikbinliyin, xoşbəxtliyin, gəncliyin rəngidir. Mənfi kontekstdə isə qəzəb, qorxu və xəyal qırıqlığını təcəssüm etdirir. Sarı rəng “Nikon”, “National Geographic”, IMDb, “Snapchat”, “Ferrari” tərəfindən istifadə olunur.

Yaşıl rəng sağlamlıq, təbiət, böyümə, eləcə də cansıxıcılıq və zəiflik ilə əlaqələndirilir. “Android”, iHerb, “Starbucks”, “Carlsberg”, “Lacoste”un seçimidir.

Mavi rəng güvən, təhlükəsizlik, sakitlik, eləcə də soyuqluq hissi oyadır. Maviyə “Facebook”, “PayPal”, “Ford”, “Intel”, “Nivea”, “Visa” üstünlük verir.

Bənövşəyi rəng zərifliyi, azadlığı, zənginliyi və eyni zamanda depressiyanı simvollaşdırır. “Yahoo!”, “Hallmark”, “Milka”, “Twitch”, “Claire's” brendlərinin seçimidir.

Çəhrayı rəng romantizm, qadınlıq, yaradıcılıq və eyni zamanda yelbeyinlik, impulsivlik ilə də əlaqələndirilir. “Cosmopolitan”, “Victoria's Secret”, “Bourjois”, “Donut King”, “Avon” tərəfindən istifadə olunur.

Qara rəng zəriflik, təhlükəsizlik, nüfuz simvoludur. Rəngin mənfi təzahürləri soyuqluq, qəzəb, yasdır. Qara rəngə “Nike”, “Chanel”, WWF, “Puma”, “Jack Daniel's” üstünlük verir.

Ağ rəng təmizliyi, təravəti, sadəliyi, eləcə də boşluğu, ayrılığı təmsil edir. “Adidas”, “Cartier”, “Apple”, “Sony”, “Zara” tərəfindən seçilir.

Lakin unutmayın ki, rəngin qavranılması və onun yaratdığı assosiasiyalar daha çox mədəni və milli kontekstdən asılıdır, fərqli bazarlarla işləyərkən bunu nəzərə almaq vacibdir.

AKTUAL MÖVZULARI İZLƏYİN 

Auditoriyanızla eyni “dalğada” olmaq istəyirsinizsə, onun üçün vacib olan mövzuları seçin. 2021-ci ildə aşağıdakılar populyardır:

  • Optimizm
Hazırda insanlar hər zamankından daha çox, ruhlandıran və yaxşılığa ümid verən məzmun görmək istəyirlər. Həyat eşqi oyadan parlaq, ilham verən rənglər, şəkillər,  yuvarlaq şriftlər seçin.

  • Velness (sağlamlıq)
Sağlamlıq bu gün bir çox insanlar üçün prioritet olduğu üçün brendlər bundan aktiv şəkildə istifadə edirlər. Bura idman və istirahət illüstrasiyaları daxildir. Rəqəmsal sağlamlıq mövzusu da heç də az əhəmiyyət kəsb etmir. Hazırda dizayn üçün sakit, balanslı rənglər trenddədir.

  • Təbiət
Getdikcə daha çox insan dincliyi və enerjini təbiətdə axtarır. Auditoriyanın diqqətini dizaynında təbii çalarlardan istifadə edilən sakitləşdirici təbiət şəkilləri ilə cəlb edin. Bu, stressi azaldacaq və istifadəçilərin əhvalını yaxşılaşdıracaq.

Lakin, bu, heç də bütün siyahı deyil. Axtarın, dinləyin, brendinizə ən uyğun olanı seçin və vizual ünsiyyətə ahəngdar şəkildə uyğunlaşın.

MÜVAFİQ ŞRİFTLƏRDƏN İSTİFADƏ EDİN 

Rənglər kimi şriftlər də kontentin ümumi qavranılmasına təsir edir. Onların da seçilməsində öz qaydaları var.

Məsələn, serifli (Tipoqrafiyada serif müəyyən bir şrift və ya şrift ailəsi daxilində bir məktubda və ya simvolda daha böyük bir vuruşun sonuna mütəmadi olaraq yapışdırılan kiçik bir xətt və ya vuruşdur- red.) şriftlər dizayna klaasik və daha zərif görünüş verir. Bu variant zəriflik və nüfuz hissi yaratmaq istəyən brendlər üçün yarayır. Serifsiz şriftlər isə daha rahat qavranılır. Ona görə də istənilən kontekstdə istifadə edilə bilər. 

Yalnız bir şriftlə kifayətlənməmək də olar. Məsələn, “Futura” və “Garamond” şriftlərindən maraqlı kombinasiya yaratmaq olar. 

HƏRƏKƏTƏ KEÇMƏYƏ ÇAĞIRIŞ EDİN

Cəlbedici kontent işin yarısıdır. Vizual da daxil olmaqla istənilən marketinqin məqsədi biznes-hədəfə çatmaqdır. Ona görə də istifadəçiləri konkret hərəkətə yönəltmək lazımdır. Buna mümkün olan hər yerdə CTA-düymələr (ing. call to action – hərəkətə çağırış- red.) və formalar kömək edəcək.

Hərəkətə keçməyə yaxşı çağırış olmalıdır: 

aydın – “Almaq”, “Qeydiyyatdan keçmək”, “Abunə olmaq”, “Vebinar üçün qeydiyyatdan keçmək”, “Məsləhət almaq” və s .;

qabardılmamış - kapsloksuz və nida işarələri olmadan, yumşaq ifadələrdən istifadə edilməklə, məsələn: “Yeddi günü pulsuz sınayın”;

məlumatlandırıcı – təklifinizin əsas üstünlüklərini təsvir edəcək qısa formadan istifadə edə bilərsiniz;

zamanla məhdudlaşmış – məsələn, müvəqqəti aksiyaların və təkliflərin göstərilməsi.

Bu mərhələdə rəng nəzəriyyəsini də xatırlamağa dəyər. Düymənizi vurğulamaq və təcililik effektini əlavə etmək istəyirsinizsə, dizaynınızda qırmızı rəngdən istifadə etməyə çalışın.

İSTİFADƏÇİ KONTENTİNİN GÜCÜNÜ DƏYƏRLƏNDİRİN 

Çox vaxt sadə istifadəçilərin kontenti brend məzmunundan daha təsirli olur. Biz reklamdan daha çox digər insanların tövsiyələrinə güvənirik. Buna görə də, auditoriyasını genişləndirmək istəyən brendlər insanları məzmun yaratmağa təşviq edir.

Çoxlu format var. Bura  həm brendin adının çəkildiyi paylaşımlar, həm interaktiv yayınlar və s. aiddir. Auditoriyanı maksimal cəlb etmək istəyirsinizsə, ona şirkətin kontenti ilə qarşılıqlı əlaqə yaratmağa imkan verin.  

Çox da çətin olmayan nədənsə başlayın, məsələn, müsabiqə, fleşmob və ya “Instagram” və “TikTok”da yarışmadan. 

BiznesMedia üçün hazırladı: Nigar Orucova

15:00
13 avqust 2021
0 0 22
Top