USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Biznesi necə yaxşılaşdırmaq olar? – 10 məsləhət

Bakı, 24 avqust - BiznesMedia. “Google” daha çox eyni adda axtarış sistemi ilə tanınsa da, çoxməhsullu şirkətdir. Şirkət Stanford Universitetinin iki tələbəsi Larri Peyc (Larry Page) və Sergey Brin tərəfindən təsis edilib. Hazırda “Google” axtarış sistemi bazarın 87% -dən çoxunu tutur. İki tələbənin startapı isə 135 mindən çox adamın çalışdığı “Alphabet” korporasiyasına çevrilib. Çox vaxt isə “axtarmaq” sözü əvəzinə şirkətin adını “quqllamaq” felinə çevirərək işlədirik.

“Google” şirkətinin timsalında biznesinizi yaxşılaşdırmağın 10 əsas sirrini təqdim edirik:

1. Güvən yaradın.
Skott Qallovey (Scott Galloway) özünün “Böyük Dördlük. “Amazon”, “Apple”, “Facebook” və “Google”un uğur sirri” kitabında ”Facebook”u ən çox arzu olunan işəgötürən, “Apple”ı ən innovasiyalı şirkət, “Amazon”u ən hörmətli və “Google”u ən güvənilən şirkət adlandırır. Təxminən hər altıncı “Google” axtarış sorğusu unikaldır. İnsanlar tez -tez başqaları ilə paylaşa bilmədikləri istəkləri şirkətlə bölüşürlər.

İstifadəçilər “Google”a, həminin ona görə güvənirlər ki, sistem hansı axtarış nəticələrinin pullu reklam olduğunu və hansının olmadığını vicdanla göstərir. Reklam verənlərin axtarış nəticələrinə təsir göstərə bilməməsi də “Google”u özündən əvvəlki axtarış sistemlərindən fərqləndirir.

2. İstifadəçinin qeydinə qalın.

“Google”un çox sadə və qısa ana səhifəsi var. Hazırda bu, çox vacib ünsür kimi görünməsə də, bir vaxtlar istifadəçilər üçün bir kəşf olmuşdu. İnternetdən necə istifadə etməyi bilməyənlər də “Google” ilə necə işləməyi intuitiv şəkildə başa düşürdülər. İstifadəçi qayğı göstərildiyini hiss edirdi.

3. Reklam verənlərə hörmət edin.

“Google” yalnız istifadəçilərin deyil, həm də reklam verənlərin qeydinə qalır. Reklamın dəyəri sayta edilən keçidlərin sayından asılıdır. Reklam verənə az sayda keçid edilərsə, təbii ki, onun daha az potensial müştərisi olacaq. Belə olan təqdirdə, o, daha az ödəniş edir. Bu, reklam verənlərin sayta olan sədaqətini artırır.

4. Hər bir insana diqqət yetirin.

Ənənəvi marketinq insanları təqaüdçülər, evdar qadınlar və ya idman həvəskarları kimi ümumi qruplara ayırırdı. Hər qrupda insanların eyni olduğuna inanılırdı. “Google” sorğuları isə hər bir insanın öz maraqları və üstünlükləri olduğunu göstərdi. Axtarış sorğularının təhlili reklamları konkret şəxs üçün daha aktual edir. Reklamın targetləşdirilməsi (hədəf auditoriyasını seçən reklam mexanizmi – red.) isə onun dəyərini artırır, çünki bu zaman reklamı yalnız potensial alıcılar görür. 

5. Qlobal misssiyanızı müəyyən edin.

“Google”un məqsədi “dünyadakı bütün məlumatları sistemli şəkildə təşkil etmək və hər kəs üçün əlçatan etməkdir”. Eyni zamanda, şirkət tədricən genişlənir və fərqli məlumatlarla əlaqəli yeni məhsullar təqdim edir. Məsələn, “Google Maps”,  “Google Library” kitabxanası və ya səmanın və bürclərin “Google Sky” xəritəsi. Bəlkə də məhz qlobal missiya “Google”un uğurunun sirlərindən biridir.

6. Komandaya ən yaxşı ideyaları tapmağa kömək edin.
“Google” işçilərinə vaxtının 20% -ni öz layihələrinə sərf etməyə imkan verir. Bu ənənə nəticəsində “Gmail”, “AdSense”, “Google Xəbərlər” kimi məhsullar ortaya çıxıb. 2013-cü ildə müxtəlif nəşrlər şirkətin “20% qaydasından” imtina etdiyini yazmışdı, amma 2020-ci ildə “Google” sözçüsü ənənənin hələ də mövcud olduğunu bildirmişdi.

Şirkət işçiləri fikirlərini, hətta ən absurd olanlarını belə ifadə etməyə təşviq edir. “Google”da liderlərlə əlaqə saxlamaq və rəhbərliyə sual vermək mümkündür. Eyni zamanda, şirkət yalnız daxili ideyalarla məhdudlaşmır və kraudsorsinqdən istifadə edir (problemləri həll etmək üçün üçüncü tərəf mütəxəssisləri cəlb edir. - Red.).

7. Yeni məhsulu mümkün qədər tez buraxın və onu yaxşılaşdırın.

Şirkət əvvəlcə insanlara internetdə kontent axtarmağa və çeşidləməyə kömək edən bir alqoritmi işə saldı. Daha sonra tərtibatçılar axtarış sistemini təkmilləşdirdilər, açar sözlərin tezliyini, başlıqları, mənbələrin etibarlılığını və digər parametrləri təyin etməyə başladılar. “Google”un uğurunun sirlərindən biri məhsulun minimum versiyasını işə salması və hər yeniləmə ilə təkmilləşdirməsidir. Belə ki, “Google” axtarış sisteminin özü yalnız “Google Adwords” reklam xidmətinin işə salınmasından sonra maddi gəlir gətirməyə başladı (bu gün xidmətə “Google Ads.” deyilir. – red.).

8. Uğursuz layihələr üzərində ilişib qalmayın.
“Google” əməkdaşları uğursuz layihələri bağladıqda bonus alırlar. Həmkarları və menecerlər belə bir layihəni bağlayan komandanı alqışlayırlar. Komandanın özünə isə bundan sonra nə edəcəyini düşünmək üçün bir neçə ay vaxt verilir. “Google”da  hesab edirlər ki, bu, insanlara lazımsız layihələr üzərində işləməyi vaxtında dayandırmaq və vaxt itirməmək imkanı verir.

9. Fərqlənməkdən qorxmayın.

“Google”un ilk serveri “Lego” hissələrindən düzəldilmişdi və ilk “doodle” isə (“Google”un ana səhifəsindəki tema rəsmi – red.) bütün işçilərin bir gün istirahət etdiklərini və “Burning Man” festivalına getdiklərini bildirirdi. Şirkət heç vaxt başqalarından fərqlənməkdən və qeyri-adi bir şey etməkdən qorxmayıb. Bəlkə də bu yanaşma “Google”a rəqiblərindən daha yaxşı olmasına kömək edib.

10. Öz xüsusi prinsiplərinizi yaradın.

“Google” “İlk növbədə İstifadəçi maraqları” və “Biznes hər kəsə fayda verməlidir” də daxil olmaqla, 10 iş prinsipini açıq şəkildə dərc edir. Bu prinsiplər, işin ilk illərində “Don’t be evil” (Pislik etmə - red.) şüarı ilə birlikdə tərtib edilmişdi. Yəni şirkət daim işində yeni həllər axtarır, lakin öz qaydalarına və fəlsəfəsinə də riayət edir.

BiznesMedia üçün hazırladı Nigar Orucova

14:40
24 avqust 2021
1 0 46
Top