USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

İşə girərkən şərtlər necə müzakirə edilməlidir?

Bakı, 17 sentyabr - BiznesMedia. İşə qəbul zamanı əmək haqqı əsas müzakirə nöqtəsi olsa da, bunu əvvəlcədən müzakirə etmək düzgün deyil. Bu prosesdə bir çox digər şərtləri də müzakirə etmək lazımdır.

Maaşı müzakirə etmək


İşə götürənlər tez-tez işə götürmə prosesinin əvvəlində məbləğ soruşurlar – bu zaman rəqəm verməkdən çəkinin.

"Özünüzü sıxışdırmamalısınız. Sizi işə qəbul etmək istədikləri zaman pul haqqında danışmaq lazımdır. Əgər işəgötürən cari əmək haqqınızı soruşsa, bildirmək məcburiyyətində deyilsiniz. Daha əvvəl aldığınız məbləğə görə deyil, hazırda bazarda mövcud rolunuza, gətirdiyiniz bacarıqlara görə maaş almalısınız”,- karyera və danışıqlar üzrə təlimçi, koçinq şirkəti "Ask For It"in qurucusu Aleksandra Dikinson deyib.

Dünyanın bəzi yerlərində qanunlar işəgötürənlərin ərizəçilərdən əmək haqqı tarixçəsini soruşmağı qadağan edir.

Ödənişi müzakirə etmək üçün ən doğru vaxt işə qəbul olunduqdan sonra, prosesin sonundadır.

"Müsahibənin ortasında, “sizi işə götürürük” cümləsini eşitməzdən əvvəl heç vaxt danışıqlara başlamamalısınız",-"Negotiate Without Fear" kitabının müəllifi və Şimal-Qərb Universitetinin (Northwestern Universitety) Kelloq İdarəetmə Məktəbinin İcraçı Qadınlar Mərkəzinin icraçı direktoru Viktoriya Medvek qeyd edib.

Əsas məsələ Dikinsonun "yüksək, amma həddi keçməyən" kimi təsvir etdiyi yaxşı araşdırılmış bir rəqəmə sahib olmaqdır.

“Glassdoor”, “PayScale” və “LinkedIn” kimi veb saytlar oxşar vəzifə, təcrübə səviyyəsi və bazarlarda olan insanların nə qədər aldığını anlamağa kömək edə bilər.

Dikinson məqbul miqdarda fikrə sahib olduqdan sonra üç fərqli rəqəm düşünməyi məsləhət görür: arzu olunan, istənilən və imtina edilən.

"Arzu olunan başlanğıcda bildirdiyiniz spesifik, yüksək bir rəqəmdir; istənilən bir az aşağı olan həqiqi hədəfdir; imtina edilən isə təklifin artıq sizin üçün uyğun olmadığı həddir - bunu əvvəlcədən təyin etməlisiniz",-o bildirib.

Bonuslar haqqında dəqiq olmaq


“The Job Doctor” şirkətinin baş direktoru Tessa Vayt illik mükafat kompensasiya paketinizin bir hissəsidirsə, şirkətin tərkibinə daxil olduğunuz müddətə görə faiz nisbətinin olub-olmadığını yoxlamağı məsləhət görüb.

"Şirkətlərin bonuslar üçün həddi var və əksər insanlar buna əhəmiyyət vermir. Bir şirkət öz bonusunu bölüşdürürsə, bu pul itkisi deməkdir. İnsanların etdiyi böyük bir səhv pullarının itirilməməsi üçün bonuslarının ilk ildə paylanmayacağına dair danışıqlar aparmamaqdır",-Vayt vurğulayıb.

Bonus təklifə daxil deyilsə, bunun üçün danışıq aparmağa cəhd edə bilərsiniz - ancaq müəyyən bir plan istəməlisiniz.

Müsahibə verdiyiniz vəzifədə nəyin gözləntiləri aşan hesab olunacağını öyrəndikdən sonra əlavə nəticəyə görə bonus almağı təklif edə bilərsiniz.

İstədiyiniz yerdə işləmək

Mütəxəssislər daimi və ya həftənin bir neçə günü distant işləməyi xahiş edərkən bunun şirkət üçün necə faydalı olacağını nümayiş etdirməyi məsləhət görürlər. 

Vayt hər hansı bir narahatlığı sakitləşdirmək üçün lazım gəldikdə razılaşmanı dəyişmək və məhsuldarlıq tədbirlərini nəzərdən keçirmək üçün müntəzəm yoxlamaları təklif etməyi tövsiyə edib.

"İstədiyiniz bir şeyi təcrübə olaraq təklif etdiyiniz zaman bunun daimi bir şey olduğunu düşündüklərindən daha çox şansınız olacaq.",-Vayt qeyd edib.

Titulun əhəmiyyəti 


Karyeranız irəlilədikcə vəzifənizin adı ilə bağlı danışıqlar aparmaq sizin üçün maddi cəhətdən faydalı ola bilər.

"Vəzifənizin adı artanda maaşınız da artır. Daha yüksək bir ad alsanız, şirkət sizə daha çox pul ödəməsə də, bu adı müqayisə edərək bir sonrakı işə keçdiyiniz zaman maaşınız daha da yüksəlir”.

Peşəkar inkişaf

Təlim və digər peşəkar inkişaf da uzunmüddətli karyera məqsədlərinizi artıra və danışıqlarınızın bir hissəsi ola bilər.

Vayt dərslər və ya konfranslar kimi karyera yüksəldən fəaliyyətlər üçün ildə müəyyən bir məbləğ istəməyi məsləhət görüb.

Başqa təkliflər aldıqda bildirmək


Başqa şirkətlərlə görüşərkən bir təklif gəlsə, bunu digər işəgötürənlərə bildirin.

Medvek digər işə gətürənlərlə əlaqə saxlamağı və onlara təklif aldığınızı bildirməyi, ancaq həqiqətən də işlə maraqlandığınızı qeyd etməyi məsləhət görüb:
"İnsanlar başqasının işə götürmək istədiyi birini işə götürməyi sevirlər. Başqaları sizi işə götürmək istədikdə yaxşı bir işçi olduğunuz qənaətinə gəlinir".

Mirvari Əzizbəyli
14:20
17 sentyabr 2021
0 0 38
Top