USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1774,52 $ GÜMÜŞ 23,446 $ BREND 84,42 $ AZERI LIGHT 84,90 $ BITCOIN 62404,2 $

Böyük Britaniya Qarabağda minaların təmizlənməsinə vəsait ayırıb

Bakı, 2 sentyabr - BiznesMedia. Birləşmiş Krallıq İkinci Qarabağ müharibəsindən sonra BMT İnkişaf Proqramının (İP) həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq məbləğində maliyyə ayırıb.

Bu barədə Britaniyanın Azərbaycandakı Səfirliyindən bildirilib.

Məlumata görə, bu məbləğ işğaldan azad olunan ərazilərin bərpa işlərinə, həmin ərazilərin minalardan təmizlənməsinə, həmçinin Qarabağda və ətraf ərazilərdə yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə ayrılıb.

Bundan əlavə, Britaniya ötən il Qarabağ münaqişəsindən sonraik humanitar dəstəyi elan edən ilk ölkə olub. Buna görə də Britaniya zərər çəkmiş insanları dəstəkləmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə 1 milyon funt sterlinq maliyyə ayırıb. Böyük Britaniya münaqişə səbəbilə Qarabağ regionunda evlərindən didərgin düşən insanların həyatlarını yenidən qurmağa və bölgəyə qayıtmağa kömək etmək məqsədi ilə digər ölkələri də BMT-nin bu təşəbbüsünü dəstəkləməyə çağırır.

Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton bildirib ki, Qarabağ və ətrafındakı ərazilər, dünyanın ən çox minalanmış bölgələrindən biridir. Buna görə də mülki vətəndaşların həyatlarını itirdikləri və ya xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir.

Bu səbəbdən də Britaniyanın ayırdığı maliyyə Qarabağın minalardan təmizlənməsinə kömək edəcək, BMT-nin təcrübəsi əsasında həm Ermənistan, həm də Azərbaycan vətəndaşları üçün riskləri azaltmaq məqsədi ilə istifadə ediləcək. Lakin Britaniya görüləsi işlərin çoxluğu səbəbilə beynəlxalq tərəfdaşları bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün lazım olan kollektiv səyləri dəstəkləməyə çağırır.

Bildirilib ki, bölgədə hələ də xeyli sayda mina və partlamamış hərbi sursat qalmaqdadır. Böyük Britaniya Ermənistan və Azərbaycanı dünyada minalardan istifadənin ləğv edilməsinə dair Ottava Müqaviləsini imzalamağa təşviq etməyə davam edir.
11:50
2 sentyabr 2021
0 0 3
Top